Əvvəlcə yazımın gözlədiyimdən daha gec nəşr olduğu üçün oxuculardan üzr istəyirəm. Amma bir Oxatan olaraq sözümün üstündə durub, sizə Bakutel`i qabaqlamağa imkan yaradacam…
Bu gün Oxatanın Bakutel`ə ezam olunmamış yazarı qismində iştirak elədim. Bakutelin pərdə arxasını, belə demək mümkünsə “mətbəxini” görmək imkanım oldu. Düzü mən orda olduğum müddətdə sərgi zalı inşaat ərazisini xatırladırdı. Hamı tələsik sabahkı açılış üçün dekorasiyaları hazırlamağa çalışırdı. Əvvəla onu deyim ki, əgər Bakutel`dən sonra İT həyatımızda nəsə bir sıçrayış olacağı fikri dolaşırsa beyninizdə indidən onu unudun. Bu ilki sərgi də keçən illər verdiyi “töhvə”ni verəcək. Amma hərhalda yeganə texnologiya sərgisi olduğundan və Oxatanın da oxucu profilini nəzər alsaq məncə bu barədə yazmaq olar.
Əvvəla qeyd edim ki, günə sərgi ərazisinə gedəcəyimdən bixəbər başladığım üçün hazırlıqlı deyildim və gözümün gördüklərini sizinlə paylaşmaq üçün fotokameranı özümə şahid apara bilmədim. Amma telefonla keyfiyyətsiz bir iki şəkil çəkmişdim ki, twittləyəm. Lakin onları da twitləmək qismət olmadı və dedim blogda yazıb şəkilləri də ora əlavə edim. Qabaqcadan telefonun məhdud imkanlarına görə və keyfiyyətsiz şəkillərinə görə mənim günahkar olmadığımı bildirmək istəyirəm.




Bakutelin mətbəxindən: Mətbuatdan artıq Nar mobile`ın sərgi vaxtı 3G-ni təqdim edəcəyindən xəbəriniz var. Amma onu da bilin ki, Nar 3G-ni təqdim edən yeganə operator olmayacaq. Azərcell də 3G texnologiyasının tanıtımını edəcək. Mən sərgi ərazisində olduğum müddətdə Azercell`in dekorasiyaları tam hazır olmasa da, ən azından hazır olan qismindən bunu başa düşmək olurdu. Bundan başqa “dekorasiya arxası” qiybətlərə görə Nar mobile öz stendində “Vodafone” ilə olan əməkdaşlığına da yer vərəcək. Düzdür bu nə formada olacaq dəqiq bilmədim. Ehtimal var ki, bir-birinə yaxın 2 stend olsun və ya eyni dekorasiyanın daxilində 2 şirkətin stendləri olsun. Bax bunu dəqiq öyrənə bilmədim. Stendlərdən danışmışkən onu da qeyd edim ki, mən orda olduğum vaxt ərzində ən qeyri-adi stendlərdən birinə misal olaraq Aztelekomun stendini göstərmək olar. Stendin dizaynını gəmi formasında etməyə çalışırdılar… BTRİB`in (Bakı Telefon Rabitəsi İstehsalat Birliyi) stendi də sizə köhnə telefonu xatırladacaq. BTRİB öz stendində Dilmancın dəstəyi ilə hazırlanmaqda olan yeni sistemin də tanıtımını nəzərdə tutub.
Bundan başqa İdrak`ın üz tanıma sistemini tanıdacağı stend və Microsoft`un Windows 7-ni tandıacağı stendlər də diqqətinizi çəkə bilər. Yaxşı hazırlanması gözlənilən stendlər arasında Azercell, Nar mobilr, Delta Telecom da var idi. Amma onların dekorları tam hazır deyildi (mən orda olduğum vaxt ərzində) ona görə söz verib sizi ümidləndirmək istəmirəm.
Mənim əsas diqqətimi çəkən məqamlar isə əsasən “bahaçılıq” oldu. Sərgi vaxtı gedənlər dekorları qiymətləndirərkən nəzərə almalıdır ki, əgər dekorasiyanın “göy”dən asılan hərhansı bir hissəsi olduğunu görsəniz bilin ki, bunun üçün əlavə xərc çəkilib. Bir məqamda ondan ibarətdir ki, bəzi əşyaları sərgi müddətində kirayə götürmək təzəsini həmdə ömürlük almaqdan daha baha başa gəlir. Bundan başqa sərgi ərazisinə ac və susuz getməyinizi də məsləhət görmürəm. Çünki qiymətlər bahaçıldır və soruşandan sonra bütün iştahanız küsəcək.
Orada gördüyüm və çoxlarınızın tanıdığı simaları da qeyd eləmək istəyirəm. Birinci gördüyüm Rüfət Gülməmmədov (Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri) oldu. Nazirin (Əli Abbasov – Rabitə və İnformasiya Texnologiyaları naziri) gəlişini isə məni twitter`də izləyənlər o andaca bildilər. Amma ən qəribə tanınmış isə Bakcell`in stendinin ətrafında gördüyüm, hamının Məhəllə filmində “Rusik” olaraq tanıdığı İlham Qasımov oldu.
Əlimdə olan ilkin məlumatlar bunlar idi..







Bu sərgini internetdən niyə canlı yayımlamırlar görən. Mənə maraqlıdır.