2009-cu ili arxada qoyuruq artıq. Bundan əvvəlki illərə nisbətən cari ildə, haqqında yazmalı, müzakirə eləməli kifayət qədər hadisələr oldu. Məndə fikirləşdim ki, tədbirlərin, hadisələrin çox qısa olaraq – xülasə şəklində qeydini aparım. Bu ilin ilk tədbiri Barcam Caspian oldu. Mənim fikrimcə hələki Azərbaycanın internet sahəsində keçirilmiş ən böyük tədbir oldu (tədbir haqqında). Tədbirdə kifayət qədər samballı yerləri təmsil edən 16 ölkədən 60`a yaxın xarici qonaq iştirak etmişdi. 27-29 mart tarixlərində Qafqaz universitetində olan tədbirdə 400-dən artıq iştirakçı var idi. Hətta ilklərdən biri də baş vermişdi, tədbirin sponsorları arasında Azərbaycanda rəsmi nümayəndəsi olmayan Opera Softaware şirkəti də var idi. Tədbirdə də həm Opera`dan, həm də Google`dan nümayəndə iştirak edirdi.
Sonrakı tədbir KörpüKamp olmuşdu (aprel). IT-Media-QHT başlığı altında olan tədbir Barcamp tipli tədbirlərdən növbətisi olmuşdu. Sadəcə daha çox xüsusi kütləyə xitab edirdi. Tədbir 2 gün davam etmişdi.
Bu tədbirin ardından isə NETTY – İnternet mükafatlarının təqdimetmə mərasimi olmuşdu (aprel) . Bu il 5-ci ildirki həmin internet mükafatları təqdim edilir. Ancaq onu deyim ki, ildən ilə NETTY mükafatı mənfiyə doğru getməyə başlayır. Bu il demək olar ki, çox zəif keçdi. Heç qane etmədi.
Növbəti tədbir isə, Gəncədə keçirilən “Barkamp Azərbaycan 09” oldu (avqust). 3 gün davam edən tədbir ilin əvvəlindəki tədbirdən fərqli olaraq global yox local xarakterli tədbir idi.
Heyifki yuxarıda sadaladığım aylar arasında blogda aktiv yazmağa heç cür imkan yaranmadı. Ona görədə bu tədbirlər haqqında Oxatandan link verə bilmirəm. Ancaq sonrakı tədbirlərdə artıq bəzi cızma-qaralar olubdu.
Növbəti tədbir Bakutel 2009 oldu (noyabr). Bu ilki tədbir keçən ilki ilə müqayisədə müsbətə doğru irəliləmişdi. Tədbir haqqında burada və burada bəzi qeydləri oxuya bilərsiniz.
Növbəti tədbir isə Yumroo`nun təşkil elədiyi Milli İnternet Forumu adı altında reallaşdı (dekabr). Tədbir barədə ətraflı olaraq burada yazmışam.
İlin son tədbiri isə 18 dekabrda reallaşan Milli Net – Milli İnternet Mükafatının təqimat mərasimi oldu. Tədbirin gedişi haqqında ətraflı olaraq buradan oxuya bilərsiniz. Tədbir internet saytlarının mükafatlandırılması sahəsində peşəkar internet mükafatı olub, şəffaflığı ilə seçildi. Yeri gəlmişkən qeyd edim ki, tədbir internet vasitəsi ilə də canlı yayımlanmışdı. Tədbirin yekunları barədə+.
Bu il tədbirlərdən əlavə hadisələrlə də yadda qaldı. Ən böyük yenilik nəhayət ki, internet tariflərində olan endirimlərlə bağlı oldu. Bu il iki dəfə internet tarifləri üzümüzü güldürdü. Tarif ucuzlaşdıranların ömrü uzun olsun
. Artıq Youtube filan nə üçündür mən də bilirəm. İlk ucuzlaşma fevral ayında oldu. Növbəti ucuzlaşma isə sentyabr ayında həyata keçirildi. Deyilənə görə bu son ucuzlaşma da deyil. Bir dəfə də belə yüksək qiymət endirimi olsa, artıq dünya qiymətləri ilə bərabərləşmə ehtimalı var.
Bu il həm ADSL tarifləri ucuzlaşdı, həm də mobil internet də inkişaf etməyə doğru getdi. Azərbaycana 3G texnologiyası gəldi. Düzdür hələ bunun keyfiyyəti barədə bir söz deyə bilmirəm, istifadə eləməmişəm. Hərçənd artıq dünyada 4G istifadəyə verildi bu il, biz isə hələki 3G ilə tanış olmağı gözləyirik. 3G haqqında daha ətraflı+.
İnternet sahəsində digər bir yenilik WiMAX oldu. Bu il test edilən sistem deyilənlərə görə gələn il istifadəyə veriləcəkmiş.
Mənim bu il diqqətimi çəkən IT hadisələr bunlar oldu. Əgər unutduğum nəsə oldusa şərhlərlə xatırlada bilərsiniz…








2009`da baş vermiş IT hadisələr. http://ff.im/-dnTX5
This comment was originally posted on Twitter