Bu nöqtə az domaini mənim heç barışmadığım domainlərdəndir. Düzdür həmin domainlərdə işlədiyim də olubdu, ancaq alıcısı heç vaxt mən olmamışam. Həmişə bu domaindən gen gəzirəm. Elə bu dəfəki oxumu da nöqtə az domaininə uzaqdan atacam. Yəni içəridə nə olur, nə olmur bilmirəm. Sadəcə bu yazdıqlarım mənimçün maraqlı haldır. Deməli hamımız bilirik ki, bu domainləri internetdən çox asan yolla qeydiyyatdan keçirtmək mümkündür. Əlimizin altında panelimiz istədiyimiz kimi idarə edirik. Bir .com domainini qeydiyyatdan keçirtmək ən çox halda15 dəqiqə vaxt alar. Daxil olursan hesabına, domaini seçirsən, pulunu ödəyirsən, NS`lərini dəyişirsən. Vəssalam. Nə vaxt da hostingini dəyişmək istəsən yenidən daxil ol panelinə, NS`ləri dəyiş qutarsın getsin. Bəs bu qədər asan və sadə olan əməliyyat bizim doğma AZ domainlərində necədir? Tamamilə əziyyətdir. Qeydiyyatdan keçmək üçün əvvəl uzun-uzadı bir form doldurursan, sonra onu əlaqədar yerə yollayırsan oturub cavab gözləyirsən. Allah eləməmiş bayram ya da istirahət günləri edəsiniz bunu. Onda iş gününə kimi oturun gözləyin. Cavab məktubu gəlməmiş də qeydiyyat üçün getməyin. Yoxsa sizi evə yollayacaqlar ki, gedin oturun, cavab gözləyin, xeyirdimi gəlirsiniz. Oturub cavabı da gözlədik. İndi qeydiyyatdan keçmək vaxtıdır. Durub yollanırsınız NT`nin ofisinə. İndi əgər paytaxtdan kənarda yaşayırsınızsada zəhmət çəkin gəlin paytaxta. Gedirik domaini qeydiyyatdan keçiririk. Bundan sonra da əgər siz hər hansı bir NS dəyişikliyi filan eləməli olsanız gərək iş gününü və iş saatını gözləyəsiniz, e-maillə müraciət edəsiniz və onlar həmin e-mail əsasında NS`ləri dəyişdirələr. Yəni bu prosedurada təkcə texnologiyadan istifadə olunan alət e-maildir. Yaxşıki hələ bunu da ediblər. Yoxsa formları doldurub ənənəvi poçtla yollatsa idilərümumiyyətlə biyabrçılıq olardı. Belə yarı biyabrçılıqdır. Bir neçə il bundan əvvəl – təqribi 4-5 il, demək olardıki bizim online ödəmə sistemimiz yoxdur. Ancaq indi onu da deməkə olmaz. Bəs bu Goldenpay nə olan işdir? O boyda əziyyət çəkilib, sistem işlənib hazırlanıbdı. Telefon pulunu, işıq pulunu online ödəmək ola, domain online ödəmək olmaya. Belə məsələ çətin ki hardasa görünsün. Bir azdan kassa aparatları da internetə qoşulacaqdı, ancaq biz domainləri hələki online ala bilmirik. Əvvəllər buna da arqument gətirirdilər ki, bəs biz müharibə şəraitində yaşayan ölkəyik, online qeydiyyatdan düşmənlərimiz faydalana bilərlər, bizim domainlərimizi istifadə edə bilərlər. Ancaq bu məsələnində üstündən TQDK sağ olsun, birdəfəlik xətt çəkdi. Deməli təhsil qurumu elə bir sistem – baza yaratdıki, hətta insanlar Universitet imtahanlarına sənədlərini online verir, online qeydiyyatdan keçirlər. Amma hələdə domainləri online qeydiyyatdan keçirtmək olmur. TQDK`nın təcrübəsindən rahatlıqla istifadə etməklə online domain qeydiyyatı yaratmaq olar ki, bun xidmətdən də ancaq Azərbaycan Respiblikasının vətəndaşları yararlana bilsin. Eyni ilə sənəd qəbulundakı kimi, şəxsiyyət vəsiqəsinin kodunu daxil edərək, DİN bazası ilə əlaqə yaranır və sizin məlumatlarınız dəqiq və dolğun şəkildə götürülür. Beləcə Azərbaycan vətəndaşı olmayanlar da nöqtə az domainlərini qeydiyyatdan keçirdə bilmirlər. Hər kəsin də işi yüngülləşir.
Görən bizim domain qeydiyyatı nə vaxt online olacaq?







Niyə, nöqtə az`ı online qeydiyyat edə bilmirəm? http://ff.im/-fUEMF
This comment was originally posted on Twitter