
Mən bloggerliyə başlayandan bəri hələki bu Netty haqqında bir xoş söz yaza bilməmişəm. Bilmirəm 2010-da bu tendensiya dəyişəcək ya yox. Amma onu bilirəm ki, may ayına qədər internetdə və bloglarda müəyyən qədər canlanma olacaq. Netty`ni alacağıq əlimizə, dolayacağıq qolumuza, haqqında o ki var yazacağıq. Gah ağına, gah da qarasına.
Yaxşısı ilə pisi ilə Netty ən qocaman internet mükafatıdır. Hər zaman Rus dilli olması qabarıq görsənirdi. Bu il qaydaları oxuyanda Azərbaycan dilinə üstünlük verəcəkləri haqqında bəndlər qarşıma çıxdı. Ən azından bu müsbət cəhətdir amma görək bu praktikada özünü necə doğruldacaqdı. Bunu zamanla görəcəyik.
Saytlarında da müsbət dəyişikliklər var. Yeni texnologiyalara inteqrasiya nəzərə çarpır. Yaxşılığa doğru dəyişim var. Ən azından bu il mükafat başlayanda bir-iki xoş söz deməyə şərait yarandısa bu da uğurdur.
Ancaq hələ də ənənəvilik var. Hansıki bu ənənəni heç bəyənmirəm. Həmişə də bunu tənqid etmişəm. Bilmirəm bu qüsurlar nə vaxt düzələcək.
Ümumiyyətlə bu müsabiqənin başlama vaxtı mənə bir az qəribə gəlir. Heç ilin 1-ci yarısında da həmin ilin yaxşılarını seçərlərmi?, bilmirəm. Bəlkə elə mən mayın ortasında bir proyekt başlatdım. Onda bunu mükafata təqdim edə bilməyəcəm. Çox bivaxt olan bir müsabiqədir.
Digər tərəfdən, qiymətləndirmə məsələsi heç xoşuma gəlmir. Bu virtual juri kimdir? Onlar nəyə və kimə lazımdır? Bu nəsə heç məntiqli bir sistem kimi gəlmir. Veb akademiyanın qarşısında çıxmaq üçün kimlərin olduğu müəyyən olmayan virtual juri`ni keçmək lazımdır. Bu virtual jurinin ucbatından elə Netty`də mükafatçılar arasında mıxaz0tıxaz kimi əcaib formalı və contentli saytları görmək mümkün olur. Mən bu nominasiyaya düşüb mükafatçılar arasında çıxmaq üçün ya gərək iddialı bir kateqoriya seçməyəm ki qalib olum, ya da camaata yalvar-yaxar edəm. Yəni əksər saytların elədiyi kimi, bir post yazım ki, bəs ay istifadəçilər sizə xahiş filanca yerdə qeydiyyatdan keçin, filanca sayta səs verin. Bu zaman da keyfiyyət yox kəmiyyət üstün olur.
Digər tərəfdən bu veb akademiyaya baxanda da məndə nəsə şübhələr yaranır. Əvvəla burada olanlar Texnologiya sahəsində olsalar da internet sahəsində işləyən deyillər. Sadəcə istisna hallar var. Ancaq əksəriyyət belədir. Digər tərəfdən mənim bildiyim qədəri ilə Osman Gündüz veb akademiyada yer almır, adı isə buradadır.
Başqa bir məsələ də yenə dil məsələsidir. Bu Netty`də rus dilinə olan bu dərin hörmət və sonsuz məhəbbət, Azərbaycan dilinə isə qeyri-ciddi və saymazyana münasibət haradan irəli gəlir bilmirəm. Ümumiyyətlə bu hər il hiss olunan haldır. Hələ də dəyişmir ki, dəyişmir. Düzdür qaydalarda yazıblar ki, Azərbaycan dilinə üstünlük veririk, bu çox gözəl haldır. Yuxarıda da qeyd elədim. Ancaq öz fəaliyyətlərində heç üstünlük vermirlər. Heç “Milli Rus dilli internet mükafatı” da olarmı? Əgər mənə irad tutmaq istəsəniz ki, hər iki dildə fəaliyyət var zəhmət çəkməyin. Mən saytın dilindən yox, icra — fəaliyyət dilindən danışıram. «Hansı fəaliyyət?» desəniz, buyurun sosial fəaliyyətlərdəki dilə bir baxaq. Saytın özündə rəsmi kimi təqdim olunan hesablara nəzər salaq:

Elə sıralama ilə gedək. İlk olaraq Livejournal`dan başlayaq. Burada heç bir Azərbaycan dilində olan sözə rast gələ bilmədim. Zəhmətdən keçibdi, bunları Azərbaycan dilində olan variantlarınıda yerləşdirməli idilər.

Növbə ilə digəri — Facebook page`ə keçirəm. Burada da eyni hal. Bir dənə də olsa Azərbaycan dilində sözə rast gəlmək mümkün deyil:

Növbəti isə son zamanlarımızın dəb mikro sosial platforması olan Twitter`dir. Əslində fəaliyyət dilini ən rahat buradan görmək olar. Burada yazılar əsasən Rus dilindədir. Hətta mən bu postu yazana qədər demək olarki yox idi. Sadəcə indi Azərbaycan dilində netty haqqında yazılan RT`lərlə Azərbaycan dilində sözlərə rast gəlinir. Rəsmi olaraq sadəcə iki Azərbaycan dilində tvit görmək olar.
Yazıya başlayanda:
Bu şəkildəki yazılara qədər Azərbaycan dilində heç bir tvitə rast gəlinmir.

Yazının sonuna yaxın:

Ziyanın harasından qayıtsan kardır prinsipi ilə yanaşmaq lazımdır. Bundan sonra zəhmət olmasa RT`lər xaric, rəsmi bəyanatları hər iki dildə dal-badal tvvitləyin.
Saytın Youtube videosuna keçiddə də, açıqlama ancaq Rus dilindədir:

Eyni zamanda saytın məlumat dəstəyi bölməsinə də nəzər yetirək.

Burada da Rus dilli məlumat yayanlar üstünlük təşkil edir. Hətta bir tək Azerphoto`nu qeyd etmək olar. O da foto çəkiliş üçün dəstək verəcək. Fototnun da dili yoxdur. Bütün bunlardan da qənaətə gəlmək olar ki, fəaliyyət dili Rus dilidir. İndi görək bu halda Azərbaycan dilli contenti necə qiymətləndirəcəklər.
Ümid edirəm ki, saytın özündə gördüyüm müsbət amillər müsabiqənin gedişində də olar. Netty 2010`a isə uğurlar arzulayıram. Müsabiqə davam etdikcə, gedişata uyğun yazılarda yəqin ki, olacaq. Ümid edirəm ki, müsabiqənin sonunda daha optimist postlar yazaram.







6-cı NETTY internet mükafatı – yeni və ənənəvi http://ff.im/-h8NJV
This comment was originally posted on Twitter